Sevgi




Yenə də ruhumu gəzdi bir duyğu... 
Götür albomunu, mən deyim, sən yaz! 
Bizim dünyamızda günah deyil bu- 
Səninlə üz-üzə danışsaq bir az, 
Götür albomunu, mən deyim, sən yaz! 

Gecələr yalnızam mən yatağımda, 
Bilirəm yalnızsan hələlik sən də! 
Xəyalım dağılır yellər əsəndə; 
Dalıb düşünürkən öz otağımda, 
Gecələr yalnızam mən yatağımda. 

Söylə, təbiətə uyğunmu, səncə, 
Keçdiyim yollarda qalmasın bir iz? 
Özünü anlayıb, duyan bir gəncə 
Gülüncdür bu başısoyuqluq şəksiz; 
Keçdiyim yollarda qalmasın bir iz?... 

Bax, məni incidir, ağrıdır bəzən 
Hər axşam bir evdə qonaq qalmağım.. 
Rəngində ölümün kölgəsi gəzən 
Şübhəli qızlardan adrеs almağım; 
Hər axşam bir evdə qonaq qalmağım.. 

Bağışla sevgilim, açıq söylədim! 
Gizli nöqtələrə əl aparma sən. 
Sorma o qızları, sorma neylədim... 
Həyatın iç üzü örtünür bəzən. 
Gizli nöqtələrə əl aparma sən... 


1933

Hiç yorum yok:

Yorum Gönder